Uraloğlu: "Zəngəzur Dəhlizi Orta Dəhlizin gücünü artıracaq"

Dünya

26.10.2025 17:30

Zəngəzur Dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

TodayPress TV "Kanal7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun imkanlarının genişləndirilməsi ilə yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu əlaqəsinin bərpası istiqamətində də konkret addımlar atılır.

O, Qarsdan Naxçıvanla sərhədə qədər olan 224 kilometrlik dəmir yolunun tikintisinin başladığını xatırladaraq vurğulayıb ki, bu marşrut iki xəttli olacaq və bu da yükdaşımaların həcmini artıracaq.

Uraloğlu əlavə edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi sürətlə davam edir və işlərin əksər hissəsi artıq yekunlaşıb. Onun sözlərinə görə, yaxın zamanda Zəngəzur Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində də tikinti işlərinin başlanması gözlənilir.

Jalə Rövşən 

TodayPress TV

tag: TRIPP,Abdulkadir Uraloğlu, Bakı-Tbilisi-Qars (BTQ),Zəngəzur,Todaypress.tv,