Türkiyənin "Kaan"ı "F-35"ə rəqib oldu
Dünya
19.06.2025 10:06
Türkiyənin hazırda sınaq mərhələsində olan beşinci nəsil döyüş təyyarəsi "Kaan", qiymət baxımından ABŞ istehsalı olan "F-35 Lightning II" ilə rəqabət apara biləcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Turkish Aerospace Industries" (TAI) şirkətinin rəhbəri Mehmet Demiroğlu “Breaking Defense” nəşrinə müsahibəsində bildirib.
Materialda yazılıb ki, "Kaan" 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olacaq. Demiroğlunun sözlərinə görə, "Lockheed Martin" şirkətinin istehsalı olan "F-35" ilə müqayisədə rəqabətədavamlı qiymətə malik olacaq. Lakin o, konkret rəqəm açıqlamayıb.
Hazırda "F-35A" modelinin orta qiymətinin təxminən 82,5 milyon ABŞ dolları olduğu bildirilir. Bu, "F-35"in ən sadə və ucuz variantıdır, lakin bu versiya şaquli qalxma imkanına malik deyil.
"Kaan" təyyarəsinin "General Electric F110" mühərriki ilə təchiz olunmuş texnologiya nümayiş etdiricisinin uçuş sınaqları 2024-cü ildə başlayıb. Birinci prototipin 2026-cı ilin ilk rübündə, ikinci prototipin 2026-cı ilin ikinci rübündə, üçüncü prototipin isə 2027-ci ilin əvvəlində səmaya qalxacağı gözlənilir.
Töhfə Səməd
tag: Türkiyə,Kaan,ABŞ,F-35 Lightning II,Turkish Aerospace Industries,todaypress.tv,