Türkiyədən Yunanıstana sərt reaksiya: “Bu addım hüquqi nəticə doğurmur”

Dünya

21.07.2025 15:40

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın biri Egey dənizində, digəri isə İon dənizində olmaqla iki dəniz parkı elan etməsinə dair yazılı açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Nazirlik bildirib ki, Yunanıstan bu niyyətini ötən il elan etdikdən sonra 9 aprel 2024-cü il tarixində Türkiyə bununla bağlı mövqeyini rəsmi şəkildə ortaya qoyub. Qeyd olunub ki, Yunanıstana beynəlxalq müqavilələrlə verilməmiş coğrafi formasiya və ərazilər də daxil olmaqla, Egey dənizi ilə bağlı bu cür birtərəfli addımların heç bir hüquqi nəticəsi yoxdur. Həmin açıqlamada qeyd olunan prinsiplər bu gün də qüvvədə qalır.

“Egey və Aralıq dənizi kimi qapalı və ya yarımqapalı sularda birtərəfli qərarlardan çəkinmək vacibdir. Beynəlxalq dəniz hüququ bu cür bölgələrdə sahilyanı ölkələr arasında, ətraf mühit məsələləri də daxil olmaqla, əməkdaşlığı təşviq edir. Bu kontekstdə, biz Egey dənizində sahilyanı ölkə kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğumuzu xatırladırıq”, - deyə bildirilib.

Nazirlik, ətraf mühitin qorunması kimi ümumbəşəri dəyərlərin Yunanıstan tərəfindən Egey dənizindəki mübahisəli ada, adacıq və qayalıqların statusuna dair məsələ ilə əlaqələndirilməsinin, bu dəyərlərin siyasi məqsədlərlə istismar edilməsinin nəticə verməyəcəyini vurğulayıb.

Açıqlamada həmçinin Türkiyənin də yaxın günlərdə dəniz ərazilərində ətraf mühitin mühafizəsinə yönəlik layihələrini elan edəcəyi bildirilib.

Nazirlik, Türkiyənin Yunanıstanla münasibətlərdə 7 dekabr 2023-cü il tarixli "Dostyana Münasibətlər və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi" çərçivəsində problemlərin beynəlxalq hüquq, ədalət və xoşniyyət prinsiplərinə əsaslanaraq həllini dəstəklədiyini də əlavə edib.

Töhfə Səməd

tag: Türkiyə ,XİN,Yunanıstan,Egey,Dəniz,Todaypress.tv,