Türkiyə ilə Britaniya arasında Ticarət Sazişi istiqamətində irəliləyiş əldə edildi
Dünya
18.07.2025 12:17
Türkiyə Ticarət Nazirliyi Böyük Britaniya ilə strateji səviyyədə inkişaf edən iqtisadi əməkdaşlığın yeni və güclü bir mərhələyə keçdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb.
Türkiyənin Ticarət naziri Ömər Bolatın bu ilin may ayında Londona səfəri çərçivəsində britaniyalı həmkarı ilə əldə olunmuş razılaşma əsasında başladılan Azad Ticarət Sazişinin (ATS) yenilənməsinə dair ilk müzakirə mərhələsi uğurla başa çatıb.
Müzakirələr iyul ayında Ankarada, hər iki ölkənin aidiyyəti qurumlarının yüksək səviyyəli iştirakı ilə keçirilib. Görüşlərdə ATS-nin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra vacib mövzular ətrafında müzakirələr aparılıb.
Nazirliyin məlumatında bildirilib ki, yenilənən saziş çərçivəsində kənd təsərrüfatı məhsullarında qarşılıqlı bazar imkanları yaradılacaq. Həmçinin iki ölkə arasında xidmət ticarəti ilə bağlı geniş müddəalar əhatə olunacaq.
Bundan əlavə, investisiyaların asanlaşdırılması istiqamətində ortaq addımlar müzakirə ediləcək, coğrafi işarəli məhsulların qarşılıqlı tanınması təmin olunacaq, kiçik və orta sahibkarlığa (KOBİ) dair maarifləndirici təşəbbüslər həyata keçiriləcək. İnovasiya, istehlakçı hüquqlarının qorunması və qadınların iqtisadi gücləndirilməsi istiqamətində konkret əməkdaşlıq mexanizmləri qurulacaq. Ətraf mühit və əmək hüquqları kimi sahələrdə isə ticarətin davamlı inkişaf komponentləri nəzərə alınacaq.
Sazişin tətbiqi ilə həm ənənəvi, həm də rəqəmsal kanallar vasitəsilə gömrük prosedurlarının sadələşdirilməsi planlaşdırılır.
Nazirlikdən bildirilib ki, hər iki tərəf ATS-nin ən qısa müddətdə tamamlanaraq qarşılıqlı rifaha xidmət etməsi üçün qəti siyasi iradə ortaya qoyub. Hazırda Türkiyə ilə Böyük Britaniya arasında illik ticarət dövriyyəsi 22 milyard dollara çatır. Böyük Britaniya Türkiyənin ən böyük 7-ci ticarət tərəfdaşı olmaqla yanaşı, 8 milyard dollarlıq ticarət profisiti ilə Türkiyənin ən çox ixrac üstünlüyü əldə etdiyi ikinci ölkə kimi ön plana çıxır.
Əhalisi 69 milyon olan Böyük Britaniya bazarının Türkiyə məhsullarına güclü tələbat göstərdiyi, eyni zamanda bu iqtisadi münasibətin Türkiyədə məşğulluğa da mühüm töhfə verdiyi qeyd olunub.
Tərəflər arasında növbəti müzakirə turunun 2025-ci ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Hökumətlər arasında mövcud olan konstruktiv və qətiyyətli dialoq prosesi ATS-nin yeni nəsil ticarət sazişi formatında yekunlaşdırılması üçün əsas zəmin yaradır.
Töhfə Səməd
tag: Türkiyə ,Ticarət Nazirliyi , Böyük Britaniya,İqtisadiyyat,Əməkdaşlıq,Todaypress.tv,