Türkiyə Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri vəfat etdi

Dünya

19.07.2025 16:50

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Altan Öymen müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb. 

Bildirilib ki, Öymen təxminən altı həftə əvvəl ağciyər xərçəngi diaqnozu ilə xəstəxanada uğurlu əməliyyat keçirib və bir həftə sonra evə buraxılıb. Lakin 15 gün əvvəl ağciyər infeksiyası səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.

“Altan Öymen son üç gündür nəfəs çatışmazlığı səbəbilə reanimasiya şöbəmizdə müşahidə altında saxlanılırdı. Təəssüf ki, bu gün saat 15:38-də (Bakı vaxtı ilə - red.) çoxsaylı orqan çatışmazlığı nəticəsində həyatını itirdi. Başda ailəsi olmaqla bütün yaxınlarına və sevənlərinə başsağlığı veririk”, - deyə bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Öymenin vəfatı ilə bağlı sosial media hesabında başsağlığı mesajı yayımlayıb.

“Cümhuriyyət Xalq Partiyasının sabiq sədri, siyasətçi, jurnalist və yazar cənab Altan Öymenin vəfatını kədərlə öyrəndim. Cənab Öymenə Allahdan rəhmət diləyir, ailəsinə və CHP təşkilatına başsağlığı verirəm”, - deyə Ərdoğan paylaşımında qeyd edib.

Töhfə Səməd

tag: CHP,Altan Öymen,Rəcəb Tayyib Ərdoğan,Todaypress.tv,