Trampın İranla bağlı gizli əmri: Hücum qərarı əvvəlcədən verilibmiş
Dünya
23.06.2025 16:55
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbə endirilməsindən iki gün əvvəl ictimaiyyətə qərar vermək üçün "iki həftəsi olduğunu" bəyan etsə də, həmin vaxt artıq hücum planı icraya başlanmışdı.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ-nin "B-2" tipli strateji bombardmançı təyyarələri İran hava məkanında radarlara yaxalanmadan uçuş həyata keçirərək, öncədən planlaşdırılmış zərbələri endirib. Trampın müşavirləri bu addımı həm medianı, həm də İran tərəfini çaşdırmağa yönəlmiş strateji gediş kimi dəyərləndiriblər.
Əməliyyatın təfərrüatları
"Operation Midnight Hammer" (Gecəyarısı çəkici əməliyyatı) adı verilən bu hücum ABŞ tarixində "B-2" bombardmançıları ilə keçirilmiş ən böyük əməliyyat kimi qeydə alınıb. Tramp hücum qərarını Kanadada keçirilən G7 sammitində olarkən verib və əməliyyatın icrasına şəxsən nəzarət edib.
Ölkənin müdafiə naziri Pit Heqset əməliyyatı başlatmaq göstərişini aldıqdan dərhal sonra təyyarələr Missuridəki bazadan havaya qalxıb. Tramp hücum anında Nyu Cersidəki qolf klubunda olsa da, “səssizlik nöqtəsi” adlanan mərhələyə çatmazdan əvvəl son təsdiqini verib və daha sonra Vaşinqtona qayıdaraq prosesi Ağ Evin “Situasiya otağından” izləyib.
Diplomatik səylər və tam məxfilik
Zərbədən əvvəl Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vasitəsilə İranla gizli danışıqlar təşəbbüsü göstərib. İstanbulda keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin təhlükəsizlik səbəbi ilə gizlənməsi səbəbindən baş tutmayıb.
Rəsmi Vaşinqton bəyan edib ki, əməliyyatın məqsədi İranın nüvə proqramını sıradan çıxarmaq olub, rejim dəyişikliyi məqsədi daşımayıb. Əməliyyatla bağlı Ağ Ev administrasiyasında yalnız məhdud sayda şəxs məlumatlı olub və bu müddət ərzində heç bir məlumat sızması baş verməyib.
Nəticə və mesaj
ABŞ diplomatiya qapılarını tam bağlamayıb. Hücum zamanı Trampın xüsusi elçisi Stiv Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın məhdud xarakter daşıdığını və Vaşinqtonun danışıqlara açıq olduğunu bildirib.
Sonda qeyd olunub ki, Tramp bir tərəfdən İranın nüvə ambisiyalarına qarşı güc nümayiş etdirir, digər tərəfdən isə Tehrana diplomatik danışıqlara qayıtmaq üçün siqnal verir.
Töhfə Səməd
tag: Tramp,ABŞ,İran,Nüvə,Pis Heqset,Todaypress.tv,
