Trampın Epşteynlə əlaqəsini sübut edən arxiv materialları yayımlandı
Dünya
23.07.2025 14:25
ABŞ-nin tanınmış "CNN" telekanalı ölkə prezidenti Donald Tramp ilə məşhur maliyyəçi və cinsi qalmaqallarla tanınan Cefri Epşteyn arasında əlaqəni təsdiqləyən yeni arxiv materialları yayımlayıb.
TodayPress TV telekanala istinadən xəbər verir ki, təqdim olunan materiallar arasında Trampın keçmiş həyat yoldaşı Marla Meyplzlə toyundan çəkilmiş fotolar da yer alır.
Həmin fotolarda Epşteynin toy mərasimində iştirak etdiyi görünür. Jurnalistlərin sözlərinə görə, onun toyda olması barədə məlumat əvvəllər geniş ictimaiyyətə məlum olmayıb.
Bundan əlavə, "CNN" 1999-cu ildə Nyu-Yorkda keçirilən "Victoria's Secret" tədbirində Tramp və Epşteynin birlikdə çəkilmiş video görüntülərini də yayımlayıb. Kadrlarda onların ünsiyyət qurduğu və birgə gülümsədiyi aydın şəkildə görünür.
Telekanal həmçinin bildirib ki, bu Tramp və Epşteynin "Victoria's Secret" tədbirlərində ilk dəfə birlikdə görünməsi deyil. Onlar daha əvvəl 1997-ci ildə keçirilən başqa bir tədbirdə də eyni fotoda yer alıblar.
"CNN" bu məsələ ilə bağlı Donald Trampla əlaqə saxlayıb, lakin Tramp telekanalı “saxta media” adlandıraraq dəstəyi asıb.
Ağ Evin kommunikasiya direktoru Stiv Çunq isə "CNN"ə bildirib ki, yayımlanan görüntülər fərqli tədbirlərdən olan, kontekstdən çıxarılmış materiallardır və həmin tədbirlərdə çoxlu müxtəlif şəxslər iştirak edib.
“Fakt odur ki, Prezident Tramp onu (Epşteyni – red.) klubundan qovmuşdu, çünki o, iyrənc bir insan idi”, - deyə Çunq əlavə edib.
Xatırladaq ki, Cefri Epşteyn azyaşlı qızların cinsi istismarı ilə bağlı iddialarla gündəmə gəlmiş, 2019-cu ildə isə Nyu-York həbsxanasında müəmmalı şəkildə ölmüşdü.
Töhfə Səməd
tag: ABŞ,CNN,Donald Tramp,Cefri Epşteyn,Todaypress.tv,