Tramp Qəzza ilə bağlı 20 maddəlik planını açıqladı
Dünya
30.09.2025 09:50
ABŞ Prezidenti Donald Trampın 20 maddəlik Qəzza planına görə, ABŞ İsrail və Fələstinlilər arasında sülhün təmin olunması üçün dialoqa başlayacaq və hər iki tərəf bu təklifi qəbul edərsə, hücumlar dayandırılacaq.
TodayPress TV xəbər verir ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə dördüncü dəfə Ağ Evdə görüşü zamanı 20 maddəlik atəşkəs planını elan edib.
O bildirib ki, İsrail Qəzzani işğal və ilhaq etməyəcək, fələstinlilər isə Qəzzanı tərk etməyə məcbur edilməyəcək.
Planın əsas maddələri bunlardır:
Fələstinlilər Qəzzanı tərk etməyə məcbur edilməyəcək.
İsrail Qəzzanı ilhaq etməyəcək.
Qəzza zolağına dərhal tam humanitar yardım göndəriləcək. Bu yardım Birləşmiş Millətlər Təşkilatı və Qızıl Aypara vasitəsilə çatdırılacaq.
Qəzzaya müvəqqəti beynəlxalq qüvvələr yerləşdiriləcək. Bu qurum ABŞ, ərəb dövlətləri və beynəlxalq tərəfdaşlardan ibarət olacaq.
HƏMAS əsirləri azad edəcək, İsrail isə 1700 əsiri və 250 fələstinli məhbusu sərbəst buraxacaq.
Qəzzada ictimai xidmətlər və bələdiyyələrin gündəlik fəaliyyəti fələstinlilər və beynəlxalq mütəxəssislərdən ibarət texnokrat keçid komitəsinə tapşırılacaq. Bu keçid komitəsinə yeni yaradılacaq beynəlxalq orqan – “Sülh Şurası” nəzarət edəcək. Şuraya Ağ Ev lideri özü sədrlik edəcək.
Baş nazir Netanyahu Trampın planını qəbul etdiyini açıqlayıb.
HƏMAS isə “Qəzza sülh planı ilə bağlı yazılı heç bir məlumat almadıq” deyərək, planın İsrailin vizyonuna daha yaxın olduğunu bildirib.
Aysel Mətləb
tag: ABŞ,Tramp,Qəzza,Plan,Todaypress.tv,
