Tixuanada prokurorluq binasına dronlarla hücum edildi
Dünya
16.10.2025 21:40
Meksikanın Aşağı Kaliforniya ştatında yerləşən Tixuana şəhərində prokurorluğa məxsus binaya pilotsuz uçuş aparatları ilə partlayıcı hücum həyata keçirilib.
TodayPress TV bu barədə "Milenio" qəzetinə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 15-də axşam saatlarında şəhərin Playas de Tixuana rayonunda qeydə alınıb.
Partlayıcı maddələrlə təchiz olunmuş dronlar binaya zərbə endirib.
Nəticədə prokurorluğun inzibati binasına və bir neçə şəxsi və xidməti avtomobilə ciddi ziyan dəyib.
Prokurorluq bildirir ki, hadisə zamanı ölən və yaralanan olmayıb. Araşdırma aparan istintaqçılar ərazidə dronlardan atıldığı ehtimal edilən partlayıcı qurğuların fraqmentlərini tapıblar.
Baş Prokurorluğun yaydığı rəsmi açıqlamada qeyd olunur ki, hücumda onların balansında olan heç bir pilotsuz uçuş aparatından istifadə olunmayıb və bütün avadanlıq əməkdaşların daimi nəzarətindədir.
Aynur TAC
tag: Meksika,Kaliforniya,Tixuana ,PUA, Hücum, todaypress.tv,
