Tısbağalarda xərçəngə rast gəlinmir
Dünya
17.07.2025 19:15
Britaniyalı alimlərin rəhbərlik etdiyi araşdırma tısbağaların xərçəngə qarşı son dərəcə dayanıqlı olduğunu ortaya çıxarıb. Məlum olub ki, bu canlılarda xərçəngə yoluxma halları cəmi 1 faiz təşkil edir.
TodayPress TV xəbər verir ki, "BioScience" jurnalında dərc olunan tədqiqat tısbağalarda xərçəngin məməlilər və quşlarla müqayisədə qat-qat az olduğunu sübut edir.
Araşdırmaya Nottingem Universitetindən Ylenia Kiari və Birmingem Universitetindən Skott Qlaberman rəhbərlik edib. Onlar Britaniya, ABŞ və Avropadakı zooparklarda yüzlərlə tısbağanın tibbi qeydlərini və ölüm səbəblərini təhlil ediblər.
“Uzunömürlü və iri canlılarda xərçəng riski daha yüksək olur. Amma tısbağalar bu qaydaya tabe deyil", – deyə Kiari bildirib.
Alimlər hesab edir ki, tısbağaların xərçəngə qarşı müqaviməti onların yavaş metabolizması, güclü hüceyrə müdafiə sistemi və DNT zədələrini vaxtında aradan qaldıra bilmə qabiliyyəti ilə bağlıdır.
Tədqiqatçılar bildirir ki, bu nəticələr gələcəkdə insanlarda xərçəngə qarşı yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər. Bunun üçün insan biologiyası üzrə mütəxəssislərlə birgə araşdırmalara ehtiyac var.
Qiymət Mahir
tag: DNT ,Britaniya,ABŞ ,Avropa,Todaypress.tv,