"Tesla" Texasda sürücüsüz taksi xidmətinə başladı
Dünya
23.06.2025 18:30
"Tesla" uzun müddətdir gözlənilən sürücüsüz taksi xidmətinə Texas ştatının Ostin şəhərində məhdud formada start verib.
TodayPress TV xəbər verir ki, şirkətin rəhbəri İlon Mask bunu “onillik zəhmətin nəticəsi” adlandırıb.
Xidmət hələlik yalnız Ostində müəyyən “geofens” zonalar daxilində, səhər saat 6-dan gecə yarısınadək işləyir və yağışlı havada fəaliyyət göstərmir. İstifadəçilər 4,20 dollar sabit ödənişlə bu xidmətdən yararlana bilirlər. Sınaq mərhələsində sosial media influenserləri və "Tesla" investorları ilk sərnişinlər olublar.
Avtomobildə sürücü olmasa da, ehtiyat tədbiri kimi ön oturacaqda "Tesla" əməkdaşı əyləşib.
Mask xidmətin ehtiyatla genişlənəcəyini, daha çox avtomobil və ərazi əhatəsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, Tesla bu sahədə əsas rəqibi "Waymo"dan hələ geridə qalır. "Waymo" 2020-ci ildən ictimaiyyətə sürücüsüz robotaksi xidməti göstərir, 1500 avtomobildən ibarət parkı ilə həftəlik 250 min ödənişli səfər həyata keçirir.
Töhfə Səməd
tag: Tesla,Robotaksi,Texas,Mask,todaypress.tv,