Təkrar emal olunmuş plastikdə zərərli maddələr aşkarlandı

Dünya

23.06.2025 19:30

Yeni elmi araşdırmaya görə, təkrar emal olunmuş polietilen plastik qranulları 80-dən çox müxtəlif kimyəvi maddə ehtiva edə bilər. Bu maddələr su ilə təmasda olduqda hormon sisteminə və yağ mübadiləsinə mənfi təsir göstərir.

TodayPress TV xəbər verir ki, araşdırma İsveç və Almaniyadan olan alimlər tərəfindən aparılıb və "Journal of Hazardous Materials" jurnalında dərc olunub.

Onlar plastik qranulları 48 saat suya qoyub, sonra həmin su ilə balıq sürfələri üzərində beş günlük təcrübə aparıblar. Nəticədə balıqlarda hormon və piylə bağlı genlərdə dəyişiklik baş verib.

Tədqiqatçılar bildiriblər ki, bu cür qısa təsir belə orqanizmdə ciddi dəyişiklik yaradır. Ən təhlükəlisi isə odur ki, plastik emalı zamanı onun tərkibinə hansı maddələrin düşdüyünü nə istehsalçı, nə də istifadəçi bilmir. Məsələn, plastiklərdə UV-filtrlər, pestisidlər, dərman qalıqları və digər zəhərli maddələr aşkarlanıb.

Alimlər BMT-yə müraciət edərək bu maddələrin plastiklərdə istifadəsinə qadağa qoyulmasını və istehsal prosesi boyunca kimyəvi tərkibə tam nəzarət tələb edirlər.

Qiymət Mahir

tag: BMT,Alim,Metal,Kimyəvi,Todaypress.tv,