Rusiya-Ukrayna arasında İstanbulda əldə edilən əsir mübadiləsi razılaşması başa çatdı

Dünya

25.05.2025 15:00

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılaşmalar əsasında həyata keçirilən hərbi əsir mübadiləsi tam həcmdə başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirinin müavini, polkovnik-leytenant Aleksandr Fomin jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, 23, 24 və 25 may tarixlərində ümumilikdə 880 rusiyalı hərbi qulluqçu və 120 mülki şəxs geri qaytarılıb:

“16 mayda İstanbulda əldə edilən razılaşmalar əsasında hərbi əsirlərin mübadiləsi tam şəkildə icra olunub”.

Fomin bildirib ki, Ukrayna əsirliyindən qayıdan rusiyalı hərbçilərə Belarus ərazisində Müdafiə Nazirliyinin aidiyyəti xidmətləri tərəfindən bütün zəruri yardım göstərilir.

“Məsələlərin operativ həlli və tədbirin hərtərəfli təminatı üçün Müdafiə Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları cəlb olunub. Hazırda hərbçilər Belarus ərazisindədir və Rusiyaya qayıtmağa hazırlaşırlar” deyə o qeyd edib.

Aleksandr Fomin əlavə edib ki, əsir mübadiləsi Ukrayna böhranının sülh yolu ilə həlli üçün müzakirələrə müsbət təsir göstərə bilər:

“Rusiyanın təşəbbüsü ilə həyata keçirilən bu genişmiqyaslı əsir mübadiləsinin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün əlverişli müzakirə mühiti yaradacağına ümid edirik. Belarus hakimiyyətinə göstərdikləri hərtərəfli dəstəyə görə xüsusi təşəkkürümüzü bildiririk” deyə o vurğulayıb.

Töhfə Səməd

tag: Rusiya ,Ukrayna,İstanbul, Əsir mübadiləsi,todaypress.tv,