Tayvanda “Podul” tayfunu: Uçuşlar ləğv edildi

Dünya

13.08.2025 12:48

Tayvanın az yaşayışlı cənub-şərq sahillərinə çərşənbə günü çatan “Podul” tayfunu saatda 191 km (118 mil) sürətə çatan küləklər gətirib. Nəticədə adanın cənub və şərq hissələrinin böyük bir hissəsi fəaliyyətini dayandırıb, yüzlərlə reys ləğv olunub.

TodayPress TV xəbər verir ki, Tayvan Mərkəzi Hidrometeorologiya İdarəsinin məlumatına görə, tayfun yerli vaxtla saat 13:00-da (GMT 05:00) Taitunq şəhərinə çatıb.

Səhər saatlarında bölgə sakinlərinə göndərilən SMS xəbərdarlıqlarında dağıdıcı küləklərin yaxınlaşdığı bildirilib və dərhal sığınacaq tapmaq tövsiyə olunub. Xəbərdarlıqda yaxın saatlarda 150 km/saata (93 mil) qədər külək əsəcəyi vurğulanıb.

Doqquz şəhər və dairədə, o cümlədən cənubdakı böyük Kaohsiung və Tainan şəhərlərində bu gün iş və dərs dayandırılıb. Paytaxt Taybeydə isə güclü küləklər hiss olunsa da, ciddi təsir qeydə alınmayıb.

Hakimiyyət orqanları iyul ayında Tayvanın qərb sahillərinə nadir hallarda baş verən birbaşa tayfun zərbəsi nəticəsində evləri zədələnən sakinlərin təxliyəsi üzərində də işləyir. Həmin tayfun rekord güclü küləklər gətirmiş və elektrik şəbəkəsinə ciddi ziyan vurmuşdu.

Qiymət Mahir

tag: Tayvan,Podul,Uçuş,Taybey,Todaypress.tv,