"SR Space" aerokosmik holdinqi müflis elan edildi
Dünya
25.08.2025 18:45
Moskva Arbitraj Məhkəməsi özəl aerokosmik holdinq olan "SR Space" şirkətini rəsmi şəkildə müflis elan edib və onunla bağlı konkurs prosesinin başlanmasına qərar verib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat məhkəmənin sənədlər bazasında yer alıb.
Qərarda qeyd olunub ki, iş üzrə məhkəmə iclası başa çatıb və borclunun müflis elan edilməsi qərara alınıb.
Məsələ ilə bağlı açıqlama verən holdinqin Baş direktoru Oleq Mansurov bildirib ki, hələ heç nə sona çatmayıb və "SR Space" məhkəmə qərarını apellyasiya qaydasında ləğv etdirməyə çalışacaq.
"Biz məhkəmə iclasının təxirə salınması üçün müraciət etmişdik və indi qərarın ləğvi üçün mübarizə aparacağıq. Bunun üçün bizim 15 gün vaxtımız var", - deyə Mansurov bildirib.
Onun sözlərinə görə, məhkəmə qərarı şirkətin mövqeyini dinləmədən qəbul olunub.
"Bütün öhdəliklərimiz tərəfdaş və podratçılar qarşısında qüvvədə qalır və yaxın vaxtlarda tam şəkildə yerinə yetiriləcək. Şirkət fəaliyyətini davam etdirir", - deyə "SR Space" rəhbəri vurğulayıb.
Aysel Mətləb
tag: Moskva ,Arbitraj Məhkəməsi,SR Space,Oleq Mansurov,Todaypress.tv,