Şimali Koreyadan Rusiyaya silah axını: Ukrayna kəşfiyyatı XƏBƏRDARLIQ ETDİ
Rusiya Federasiyası Ukraynaya qarşı apardığı müharibədə silah təminatını dəstəkləmək üçün Şimali Koreyadan genişmiqyaslı hərbi yardımlar alır.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşçenko "Ukrinform"a açıqlamasında bildirib.
İvaşçenkonun sözlərinə görə, Rusiyanın hərbi sənayesi yeni silahların istehsalını artırmağa çalışsa da, ciddi maliyyə, texnoloji və komponent çatışmazlıqları ilə üzləşir. Hazırda cəbhədə istifadə olunan Rusiya texnikasının 80 faizi anbarlardan çıxarılmış və bərpa olunmuş köhnə modellərdir. Cəmi 20 faiz müasir texnologiyalardan ibarətdir.
Kəşfiyyat məlumatlarına əsasən, Rusiya ildə təxminən 3 milyon ədəd 122 mm və 152 mm-lik mərmi istehsal edir, lakin buna əlavə olaraq Şimali Koreyadan da 2,5-3 milyon ədəd mərmi alır. Müharibə başlayandan bu yana Şimali Koreyadan Rusiyaya 6 milyon mərmi tədarük olunub.
"Şimali Koreya Rusiyaya yalnız sursat deyil, həm də ağır silahlar təqdim edir. Bunlara 170 mm-lik "M1989 Koksan" özüyeriyən artilleriya qurğuları və 240 mm-lik "M1991" reaktiv yaylım atəşi sistemləri daxildir. Hər tip texnikadan təxminən 120 ədəd göndərilib" deyə o əlavə edib.
Əldə edilən məlumatlara görə, Şimali Koreyadan Rusiyaya təyyarə istehsalı sahəsində ixtisaslaşmış mütəxəssislər də göndərilib.
Əmək qüvvəsi sahəsində də əməkdaşlıq genişlənib. Təkcə ötən il 14 minə yaxın Şimali Koreya vətəndaşı Rusiyada kənd təsərrüfatı, yol tikintisi və mənzil sektorunda çalışıb.
İvaşçenko, həmçinin bildirib ki, Şimali Koreya hərbçiləri Rusiyanın Kursk vilayətində yerləşdirilib. Hələlik nəzarətə götürülmüş Ukrayna ərazilərində onların fəaliyyəti qeydə alınmasa da, artilleriya bölmələrinin Xerson istiqamətində istifadə edildiyi deyilir.
Qeyd edək ki, ötən ilin payızında Şimali Koreya rəsmi olaraq öz hərbi kontingentini Kursk vilayətinə yerləşdirmişdi.
Rusiya və Şimali Koreya bu hərbi əməkdaşlığı artıq açıq şəkildə təsdiqləyiblər. Pxenyan Rusiyaya ballistik raketlər, artilleriya sistemləri və digər silahlar da göndərməkdə davam edir.
Töhfə Səməd
tag: Rusiya ,Ukrayna,Şimali Koreya,Silah,todaypress.tv,