Sidneydə toz fırtınası: Avstraliyada iqlim dəyişiklikləri ağırlaşır
Avstraliyada güclü toz fırtınası Sidney şəhərini qalın toz dumanına bürüyüb.
TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, səhiyyə rəsmiləri havanın keyfiyyətinin “çox zəif” olduğunu bildirərək vətəndaşlara xəbərdarlıq ediblər.
Fırtına Cənubi Avstraliyadakı quraqlıq və güclü küləklər səbəbilə başlayıb və Yeni Cənubi Uels bölgəsinə yayılıb.
Mütəxəssislər bildirib ki, bu fırtına Avstraliyada iqlim dəyişikliklərinin və torpaq eroziyasının ciddi nəticələr verdiyini göstərir.
Sidney Texnologiya Universitetindən Milton Spir deyib ki, ölkədə son illər yağıntılar şərqdə çoxalsa da, cənub bölgələri quraqlıqdan əziyyət çəkir.
Makkuari Universitetindən professor Pol Begs isə bildirib ki, bu tip ekstremal hava hadisələri artıq adi hala çevrilir və insanların sağlamlığına mənfi təsir edir.
Torpaq üzrə mütəxəssis Con Qrant fırtınanın əsasən susuz və bitkisiz sahələrdən – Viktoriya və Cənubi Avstraliyadan başladığını bildirib. Belə sahələr küləklə asanlıqla dağılır və torpağın məhsuldar qatı itir.
“Bu cür toz fırtınaları milyonlarla ton torpağı aparır. Nəticədə kənd təsərrüfatı, təbiət və insan sağlamlığı ciddi zərər görür. İqlim dəyişikliyi bu prosesi daha da sürətləndirir”, – deyə o xəbərdarlıq edib.
Qiymət Mahir
tag: Sidney ,Avstraliya,Uels ,Fırtına ,Toz,İqlim,todaypress.tv,