Rusiyanın 4 artilleriya sistemi sıradan çıxarıldı

Dünya

11.10.2025 14:45

Son dörd gündə Ukrayna 30-cu Dəniz Piyadaları Korpusunun döyüşçüləri Xersonu atəşə tutan dörd rus artilleriya sistemini məhv edib.

TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü polkovnik Aleksandr Zavtonov oktyabrın 7-dən 10-dək Rusiya qüvvələrinin Xerson və ətraf yaşayış məntəqələrinə 38 artilleriya hücumu həyata keçirdiyini bildirib.

Zavtonov əlavə edib ki, bu müddətdə 83 rus əsgəri öldürülüb və ya yaralanıb, 48 silah və texnika, o cümlədən 4 artilleriya sistemi məhv edilib və ya zədələnib.

Zavtonov vurğulayıb ki, Ukrayna qüvvələri mülki əhaliyə təhlükə yaratmamaq üçün şəhərdə artilleriya yerləşdirmir və düşmənin imkanlarını sistematik şəkildə zəiflətməyə davam edir.

Qeyd edək ki, 2022-ci ilin payızında Ukrayna Xerson vilayətinin sağ sahil hissəsini işğaldan azad edib, sol sahil isə hələ də rus qoşunlarının nəzarətindədir.

Jalə Rövşən

TodayPress TV

tag: Aleksandr Zavtonov ,Rusiya,Ukrayna,Artilleriya,Todaypress.tv,