Rus qırıcıları alman freqatının üzərindən uçdu

Dünya

25.09.2025 10:16

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiyaya məxsus qırıcı təyyarələr Baltik dənizində Alman Hərbi Dəniz Qüvvələrinə məxsus freqatın üzərindən uçuş edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Federal Məclisdə Ukrayna-Rusiya müharibəsi ilə bağlı çıxış edərkən danışıb. 

“Rusiya Prezidenti Vladimir Putin NATO-ya üzv ölkələri təxribata çəkmək, NATO ittifaqındakı guya zəif nöqtələri müəyyənləşdirmək, ifşa etmək və onlardan istifadə etmək istəyir”, - deyə Pistorius vurğulayıb.

O, həmçinin qeyd edib ki, NATO Rusiyanın təxribatlarına açıq və qətiyyətli şəkildə cavab verir, eyni zamanda isə ehtiyatlı davranır:

“Biz Rusiyanın davranışlarına aydın cavab veririk, lakin təşviş yaratmırıq. Rus pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin Polşa, o cümlədən Estoniya hava məkanına daxil olması, eləcə də son günlər Baltik dənizində alman freqatının üzərindən uçuş etməsi göstərir ki, Rusiya sərhədləri getdikcə daha da intensiv şəkildə yoxlayır”.

Aysel Mətləb

TodayPress TV

tag: Baltik,Rusiya,Qırıcı,Freqat,Todaypress.tv,