Qutsulun azadlığa buraxılmasını tələb edən qətnamə qəbul edildi

Dünya

06.08.2025 13:43

Qaqauziya Xalq Məclisi (parlamenti) avqustun 5-də keçirilən fövqəladə iclasda Qaqauziya rəhbəri Yevgeniya Qutsulun azadlığa buraxılması və onun işi üzrə obyektiv istintaq aparılması tələbi ilə qətnamə qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi Qaqauziya parlamentinin hüquqi məsələlər üzrə komissiyasının üzvü İvan Dimitroqluya istinadən məlumat yayıb.

Xatırladaq ki, Kişinyov məhkəməsi Yevgeniya Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsi ilə bağlı qanun pozuntularına görə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

İvan Dimitroqlu bildirib ki, parlament rəsmi şəkildə Mərkəzi hakimiyyət orqanlarına müraciət edərək Apellyasiya Palatasının Qutsulun işi üzrə materialları obyektiv şəkildə nəzərdən keçirməsini və onun azı şərti azadlığa buraxılması üçün imkan yaradılmasını tələb edib:

“Biz rəsmi şəkildə mərkəzi hakimiyyətə müraciət etmişik ki, Apellyasiya Palatası Yevgeniya Qutsulun iş materiallarını obyektiv şəkildə araşdırsın, o, heç olmasa şərti azadlığa buraxılsın və cəzaçəkmə müəssisəsində saxlanılmasın”, - deyə o vurğulayıb.

Dimitroqlunun sözlərinə görə, qətnamə qanunverici orqanın əksəriyyət səsilə qəbul olunub və bir sıra düzəlişlərdən sonra rəsmi şəkildə dərc ediləcək.

Töhfə Səməd

tag: Qaqauziya ,Xalq Məclisi,Fövqəladə iclas,Yevgeniya Qutsul,Todaypress.tv,