Qrossi BMT Baş katibi postuna namizəd olmaq istəyir

Dünya

24.09.2025 15:43

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi BMT-nin növbəti baş katibi olmaq istəyir və bu məqsədlə ABŞ, xüsusilə Tramp administrasiyasından dəstək axtarır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik bildirir ki, Qrossi avqust ayında Vaşinqtona səfər edərək bu niyyətini ABŞ rəhbərliyinə çatdırıb. O, bildirib ki, namizədliyini Avropa İttifaqı, Hindistan, Yaponiya, Nigeriya və Pakistan nümayəndələri ilə də müzakirə edib. 

Qrossi həmçinin Rusiya və Çinin dəstəyini almağa çalışır. Bu, onun BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən gələcək mümkün vetonun qarşısını almaq cəhdi kimi qiymətləndirilir.

Hazırda baş katib postu üçün AEBA rəhbəri daxil olmaqla ən azı səkkiz potensial namizəd müzakirə olunur.

Qeyd edək ki, BMT baş katibi Təhlükəsizlik Şurası tərəfindən namizəd göstərilir və Baş Assambleya tərəfindən təsdiqlənir. Səlahiyyət müddəti 5 ildir və yenilənə bilər. Rəsmi məhdudiyyət olmasa da, indiyədək heç bir baş katib bu vəzifəni 10 ildən çox icra etməyib. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Qrossi,BMT,AEBA,Baş katib,Todaypress.tv,