Qazaxıstan XİN rəhbərinin saxlanılması ilə bağlı məlumat təkzib edildi

Dünya

04.09.2025 16:18

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleuvin saxlanılması barədə yayılan xəbərlər təsdiqini tapmayıb.

TodayPress TV xəbər verir ki, bir sıra yerli KİV-lər məlumatı saxta adlandırıb.

Daha əvvəl “Orda.kz” portalı nazirin, iş adamı Hacı Hacıyevin və Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksəkvəzifəli əməkdaşının saxlanıldığını yazmışdı. Lakin “Kursiv” qəzeti mənbələrə istinadən Nurtleuvin iş yerində olduğunu bildirib. Eyni mövqeni “Tengrinews”, “KazTAG” və digər media qurumları da bölüşüb.

Mədəniyyət və informasiya naziri Aida Balayeva sosial şəbəkədə paylaşım edərək bu cür xəbərlərin yayılmasında məsuliyyətli olmağa çağırıb. O qeyd edib ki, bəzi rəsmi KİV-lər və anonim "Telegram" kanalları dövlət qulluqçularının saxlanılması barədə təsdiqlənməmiş məlumatlar tirajlayır:

“Unutmaq olmaz ki, dəqiqləşdirilməmiş məlumat vətəndaşlara və onların yaxınlarına zərər verə, şərəf və ləyaqəti ləkələyə və böhtan xarakteri daşıya bilər”.

Hazırda mövzu ilə bağlı başqa rəsmi açıqlama verilməyib.

Qiymət Mahir

tag: Qazaxıstan,Qazaxıstan XİN,Murat Nurtleuv,KİV,Todaypress.tv,