Portuqaliyada meşə yanğınları: 139 min hektar ərazi külə döndü
Dünya
18.08.2025 08:50
2025-ci ildə Portuqaliyada 139 min hektardan çox torpaq sahəsi yanıb, yarısı son iki gündə məhv olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə çoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı ölkənin Təbiəti Mühafizə və Meşələr İnstitutu (ICNF) açıqlayıb.
Rəsmi rəqəmlərə görə, yanvarın 1-dən avqustun 14-dək 74,931 hektar ərazi yanmışdısa, son iki gündə daha 64,160 hektarın kül olması ilə ümumi rəqəm 139,091 hektara çatıb. Bu, ilin ümumi göstəricisinin 46 faizini təşkil edir.
"ICNF"in açıqlamasında qeyd olunub ki, indiyədək 6,229 kənd təsərrüfatı və meşə yanğını qeydə alınıb. Onların 50 faizi kolluq sahələrdə, 40 faizi meşəliklərdə, 10 faizi isə əkin torpaqlarında baş verib. Yanğınların sayı ötən illə müqayisədə 79 faiz artıb.
Ölkədə avqustun 2-dən yanğın riski ilə bağlı xəbərdarlıq vəziyyəti elan olunub. Avropa Komissiyası şənbə günü təsdiqləyib ki, Portuqaliyanın müraciəti əsasında iki yanğınsöndürmə təyyarəsi bazar günü ölkəyə göndəriləcək.
Qiymət Mahir
tag: Portuqaliya,Torpaq,Yanğın,Meşə,Todaypress.tv,