Paşinyan Rusiya vasitəçiliyinin niyə fayda vermədiyi haqqında danışdı
Dünya
09.08.2025 02:33
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya vasitəçiliyi ilə regional kommunikasiyaların niyə açılmadığını şərh edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Vaşinqtonda erməni jurnalistlərə müsahibəsi zamanı danışıb.
Paşinyan bildirib ki, hazırda Vaşinqtonda razılaşdırılmış formulun eynisini Ermənistan daha əvvəl Rusiya Federasiyasına da təklif etmişdi, lakin bu istiqamətdə irəliləyiş baş verməyib.
“Xatırlayırsınızsa, bir vaxtlar regional kommunikasiyalarla məşğul olan üçtərəfli işçi qrupu mövcud idi. Biz bu formatda işləməyə hər zaman hazır olduğumuzu bəyan etmişdik və bu prosesin birbaşa və ya dolayı yolla niyə əngəlləndiyi bizə aydın olmadı”.
Onun sözlərinə görə, bu təşəbbüslər uğursuzluğa düçar olub, çünki proses Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasını şübhə altına alan istiqamətə yönəldilirdi:
“Biz belə şərtlərlə razılaşa bilməzdik. Hazırkı sənəddə bu məsələlər daha aydın və açıq şəkildə ifadə olunub”, - deyə Ermənistanın Baş naziri diqqətə çatdırıb.
Qeyd edək ki, Vaşinqtonda imzalanmış Birgə Bəyanatın 3-cü bəndində tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında beynəlxalq və daxili kommunikasiya xətlərinin açılmasının əhəmiyyətini vurğulayıblar.
Töhfə Səməd
tag: Ermənistan,Baş nazir,Nikol Paşinyan,Rusiya vasitəçiliyi,Todaypress.tv,