Pakistanın idarə etdiyi Kəşmirdə etirazlar davam edir: azı 15 nəfər ölüb

Dünya

03.10.2025 10:07

Pakistanın idarə etdiyi Kəşmirdə etiraz aksiyaları artıq dörd gündür ki, davam edir.

TodayPress TV  "Aljazeera"yə istinadən xəbər verir ki, Müzəffərabad və digər bölgələrdə keçirilən aksiyalar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində ən azı 15 nəfər, o cümlədən üç polis əməkdaşı həyatını itirib, onlarla insan isə yaralanıb.

Etirazlara Cammu Kəşmir Birgə Avami Fəaliyyət Komitəsi (JAAC) rəhbərlik edir. Onlar hökumətə pulsuz təhsil və səhiyyə, infrastruktur layihələri, siyasi islahatlar, o cümlədən vergidən azadolma da daxil olmaqla, 38 maddəlik tələb irəli sürüblər. Əsas tələblərdən biri “hakim elitanın imtiyazlarının ləğvi” və qaçqınlar üçün ayrılmış 12 deputat yerinin ləğvidir.

Hökumət etirazların qarşısını almaq üçün mobil rabitə və interneti kəsib, bölgəyə əlavə təhlükəsizlik qüvvələri yerləşdirib. Müzəffərabadda bazarlar bağlı qalıb, nəqliyyat və gündəlik həyat iflic vəziyyətindədir.

Rəsmi açıqlamaya görə, hökumət JAAC-ın bir sıra tələbləri ilə razılaşıb, lakin iki əsas məsələ – qaçqın kvotaları və yüksək vəzifəli məmurların imtiyazları üzərində razılıq əldə olunmayıb.

Qeyd edək ki, etirazların səbəbi 2023-cü ildən bəri elektrik tariflərinin artımı, ərzaq qıtlığı və sosial-iqtisadi problemlərlə bağlı narazılıqlar olub.

Danışıqlar davam edir, lakin tərəflər arasında inamsızlıq hələ də qalmaqdadır.

Jalə Rövşən

TodayPress TV 

tag: Pakistan,Aksiya,Kəşmir,