Odessada daşqın baş verdi: Ölənlər var

Dünya

03.10.2025 11:49

Ukraynanın cənubunda yerləşən Odessa şəhərində baş verən daşqın nəticəsində yüzlərlə ev zədələnib.

TodayPress TV xəbər verir ki, bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuleba özünün “Telegram” kanalında məlumat verib.

“Bugünkü vəziyyətə əsasən, təxminən 800 evin zədələndiyi qeydə alınıb. Bunların 500-ü çoxmərtəbəli binalar, 300-ü isə fərdi yaşayış evləridir”, - deyə bəyanatda bildirilib.

Kuleba qeyd edib ki, şəhərin özəl sektorunda 38 ərazidə suyun çəkilməsi üzrə işlər aparılır. Bu günə qədər xüsusi xidmət orqanları təxminən 900 min kubmetr suyu çəkib, 147 ton tullantı yığıb və 13 zədələnmiş tikili elementini söküblər.

Onun sözlərinə görə, Odessada hələ də elektrik təchizatı ilə bağlı problemlər qalır. İşığın bərpası və daşqının digər nəticələrinin aradan qaldırılması işlərinə təxminən 3000 nəfər və 660 texnika cəlb olunub.

Kuleba, həmçinin 10 nəfərin həlak olduğunu, o cümlədən 1 uşağın həyatını itirdiyini bəyan edib.

Qeyd edək ki, sentyabrın 30-u Odessa vilayətində güclü leysan yağıb. Vilayət mərkəzinin rəhbəri bildirib ki, bir gündən az müddətdə şəhərə 1,5 aylıq yağıntı norması düşüb. Bunun fonunda Odessada nəqliyyat iflic olub, kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib.

Hakimiyyət fövqəladə hallara qarşı reaksiya planını işə salıb.

Bundan əvvəl isə Odessada enerji infrastrukturuna ziyan dəydiyi bildirilmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: Odessa,Daşqın,Ukrayna,Kuleba ,Todaypress.tv,