ABŞ iqtisadiyyatı çökə bilər

Dünya

02.06.2025 04:00

ABŞ prezidenti Donald Tramp bildirib ki, administrasiyası tərəfindən tətbiq edilən idxal rüsumlarına qarşı amerikalı hakimlərin qərar verməsi ölkə üçün iqtisadi fəlakətə səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social" sosial platformasında yazıb.

“Əgər məhkəmələr hansısa şəkildə rüsumlara qarşı qərar versə, bu, digər ölkələrin anti-amerikan tariflərlə ölkəmizi girov saxlamasına şərait yaradacaq. Bu, Amerika Birləşmiş Ştatlarının iqtisadi cəhətdən çöküşü anlamına gələcək”, – deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ-nin Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsi Trampın idxala gömrük rüsumları tətbiq etmək qərarını prezident səlahiyyətlərini aşmaq kimi qiymətləndirərək bloklayıb. Məhkəmə Trampın 2 aprel tarixində elan etdiyi 185 ölkə və əraziyə qarşı tətbiq edilən cavab rüsumları ilə yanaşı, Kanada, Çin və Meksikadan idxal olunan məhsullara əvvəllər tətbiq edilən tarifləri də dayandırıb.

Bununla belə, qərar avtomobil, onların ehtiyat hissələri, həmçinin polad və alüminium idxalına tətbiq edilən tariflərə şamil olunmayıb.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,İdxal,Rüsum,Məhkəmə,todaypress.tv,