Merts “Rosneft” üçün sanksiyaların yumşaldılmasını gözləyir
Dünya
24.10.2025 11:56
Almaniya kansleri Fridrix Merts gözləyir ki, ABŞ-nin yeni sanksiyaları çərçivəsində “Rosneft” şirkətinə istisna tətbiq olunsun.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “DW” agentliyi məlumat yayıb.
Bildirilib ki, Almaniya hökuməti ABŞ-nin yeni sanksiyalarının "Rosneft"in Almaniyada olan törəmə şirkətlərinə zərər verməməsi üçün təşəbbüs göstərir. Artıq bəzi banklar açıqlayıblar ki, Amerikanın tətbiq etdiyi məhdudiyyətlər bu törəmə şirkətlərlə iş aparmağı çətinləşdirə bilər.
Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi vurğulayıb ki, ABŞ sanksiyaları dövlət idarəçiliyində olan Almaniya biznesinə tətbiq edilməməlidir.
Qeyd edək ki, mövzu Almaniyanın "Rosneft Deutschland" və "RN Refining & Marketing" şirkətləri ilə bağlıdır. 2022-ci ildə Rusiya Ukraynaya tammiqyaslı müdaxilə etdikdən sonra Almaniya hökuməti bu şirkətləri "Rosneft"in idarəçiliyindən çıxarıb və onları Federal Şəbəkələr Agentliyinin xarici idarəçiliyinə verib.
Xatırladaq ki, 2025-ci ilin 22 oktyabr tarixində ABŞ "Rosneft" və "Lukoyl" şirkətlərinə sərt sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, qərarın səbəbi Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülhə razı olmamasıdır.
Aysel Mətləb
tag: Almaniya,Kansler,Merts,Sanksiya,Todaypress.tv,
