Maskla dava Trampa 1,1 milyard dollara başa gəldi

Dünya

06.06.2025 13:00

ABŞ prezidenti Donald Tramp bir gün ərzində 1,1 milyard dollardan çox maliyyə itkisinə məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, Trampa məxsus "Trump Media & Technology Group" şirkətinin səhmləri 8% ucuzlaşıb ki, bu da ona 202 milyon dollara başa gəlib. Bundan əlavə, Trampa aid “meme” kriptovalyutanın dəyərinin 10% azalması onun sərvətinə təxminən 900 milyon dollar zərər vurub.

Eyni zamanda, "Bloomberg" agentliyinin məlumatına görə, "Tesla"nın səhmlərinin ucuzlaşması fonunda İlon Mask da bu qarşıdurmaya görə bir gündə təxminən 34 milyard dollar itirib.

Xatırladaq ki, 5 iyun tarixində Tramp və Mask arasında sosial şəbəkələrdə sərt söz atışması baş verib. Mask Trampsız Respublikaçıların 2024-cü il noyabr seçkilərində qalib gələ bilməyəcəyini bildirib, ona impiçmentin tərəfdarı olduğunu açıqlayıb və Ağ Ev tərəfindən təklif olunan büdcə ixtisarları qanun layihəsini, idxal rüsumlarını tənqid edib. Mask eyni zamanda ABŞ iqtisadiyyatının 2025-ci ilin ikinci yarısında tənəzzülə uğrayacağını da proqnozlaşdırıb.

Tramp isə cavabında Maskın əvvəllər dövlət idarələrinin effektivliyini artırmaqla bağlı öhdəliklərini yerinə yetirə bilmədiyini və "ağlını itirdiyini" bildirib. O, həmçinin dövlətin Elon Maskın rəhbərlik etdiyi şirkətlərlə, o cümlədən SpaceX ilə bağlanmış müqavilələri ləğv etməklə və bütün subsidiyaları dayandırmaqla hədələyib.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Maliyyə,İtki,İlon Mask,todaypress.tv,