Makronun reytinqi tarixi minimuma düşdü: İstefası tələb olunur

Dünya

03.09.2025 15:36

Fransa prezidenti Emmanuel Makronun populyarlıq səviyyəsi prezidentliyi dövründə rekord səviyyədə aşağı düşüb.

TodayPress TV xəbər verir ki, "Le Figaro Magazine" jurnalında yayımlanan "Verian" sosioloji xidmətinin araşdırmasına görə, yalnız 15% fransız onun fəaliyyətini dəstəkləyir.

Makrona inamsızlıq səviyyəsi 80%-ə çatıb ki, bu da onun 2017-ci ildə prezident seçilməsindən bəri ən pis göstəricidir. Hətta bu rəqəm 2018-ci ildəki “sarı jiletlilər” etirazları zamanı qeydə alınan 20%-lik dəstəyi də geridə qoyub.

Baş nazir Fransua Bayrunun reytinqi isə daha da aşağıdır – onun fəaliyyətini cəmi 14% respondent dəstəkləyir, 82% isə mənfi qiymətləndirir. Sorğu internet vasitəsilə 18 yaşdan yuxarı 1000 nəfər arasında keçirilib.

Qeyd edək ki, sentyabrın 1-də məlum olub ki, solçu “Əyilməyən Fransa” partiyası, hökumətə etimad səsverməsindən bir gün sonra parlamentdə Makronun istefası ilə bağlı təşəbbüs irəli sürməyi planlaşdırır. Kabinetə etimad səsverməsi 8 sentyabra təyin edilib.

Töhfə Səməd

TodayPress TV

tag: Fransa ,Emmanuel Makron,Reytinq,Rekord,Todaypress.tv,