Litva daha on Gürcüstan vətəndaşını “qara siyahı”ya əlavə etdi

Dünya

29.07.2025 10:51

Litva Gürcüstanın daha 10 vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edib və onların ölkəyə girişini qadağan edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Litvanın Miqrasiya Departamentinin rəsmi saytında dərc olunub.

Viza sanksiyasına məruz qalan şəxslər aşağıdakılardır: hakimlər Nino Qalustaşvili, Cvebe Naçkebia, İrakli Şvangiradze və Viktor Metreveli, prokurorlar Mari Meşveliani və Natiya Tatiashvili, Acarıstan hökumətinin sədri Sulxan Tamazashvili, Gürcüstan parlamentinin deputatları Mariam Laşxi və Nino Tsilosani, eləcə də Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri Rajden Kuprashvili.

Qərara əsasən, bu şəxslərin Litvaya daxil olması 22 iyul 2030-cu il tarixinə qədər qadağan edilib.

Litva Miqrasiya Departamentinin məlumatına görə, hazırda bu ölkədə 112 nəfər Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyəti qüvvədədir.

Qeyd edək ki, Litva, Latviya və Estoniya 2024-cü ildə Gürcüstanda Avropa İttifaqına inteqrasiyadan imtina ilə bağlı baş verən kütləvi etirazlar fonunda Tbilisinin rəsmilərinə qarşı ilk sanksiyaları tətbiq edən ölkələr olmuşdu.

Töhfə Səməd 

tag: Litva,Gürcüstan,Viza,Sanksiya,Todaypress.tv,