Lavrov: "Ermənistandakı kilsəyə edilən hücumlar ciddi narahatlıq doğurur"
Dünya
30.06.2025 12:30
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistandakı vəziyyət ölkənin daxili məsələsidir, lakin Apostol Kilsəsinə edilən hücumlar ciddi narahatlıq doğurur.
TodayPress TV xəbər verir ki, bu barədə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin Qırğızıstanda keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
“Bu, qonşularımızın daxili işidir. Lakin, şübhəsiz, minillik tarixi olan Ermənistan Apostol Kilsəsinə edilən hücumlar bizdə dərin narahatlıq doğurur. Kilsə hər zaman erməni cəmiyyətinin əsas dayaqlarından biri olub və biz istəmirik ki, bu dini qurum əsassız hücumlara məruz qalsın”, - deyə Lavrov vurğulayıb.
O əlavə edib ki, Rusiya bu gərginliyin Ermənistan Konstitusiyası və vətəndaşların, o cümlədən dindarların hüquqlarına hörmət prinsipi əsasında tezliklə həll olunmasında maraqlıdır.
Xatırladaq ki, Ermənistan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik Baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdəki kəskin bəyanatları və kilsə rəhbərliyinə qarşı irəli sürdüyü ittihamlarla daha da dərinləşib. Paşinyan sonradan bütün ermənilərin Katolikosunun seçilmə qaydasının dəyişdirilməsini və bu prosesdə dövlətin həlledici rol oynamasını təklif etmişdi.
Qeyd edək ki, iyunun 26-da Yerevanda arxiyepiskop Baqrat Qalstanyan hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı ilə həbs olunub. İyunun 28-də isə Ermənistan Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acarapahyan hakimiyyətin zorla devrilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi çağırışlarına görə saxlanılıb.
Töhfə Səməd
tag: Rusiya,XİN,Sergey Lavrov,Ermənistan,Apostol Kilsəsi,Todaypress.tv,