Krasnodar qubernatoru müavinini işdən çıxardı: “Bu, artıq davam edə bilməz”

Dünya

21.05.2025 16:13

5

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev tikinti sahəsinə cavabdeh olan vitse-qubernator Aleksandr Nesterenkonu vəzifəsindən azad edib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, şəxsi “Telegram” kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, tikinti sektoru son vaxtlar gözləntiləri doğrultmayıb və ciddi gecikmələr müşahidə olunub.

“149 obyektin — məktəblər, uşaq bağçaları, poliklinikaların yarıdan çoxu tikinti qrafikindən xeyli geridə qalır” deyə Kondratyev bildirib.

O qeyd edib ki, nəticə göstərməyən məmur belə məsuliyyətli vəzifədə qala bilməz: 

“Qubernator komandasında yalnız Krasnodar vilayətini inkişaf etdirəcək və insanların həyat səviyyəsini yüksəldə biləcək şəxslər olmalıdır”.

Kondratyev həmçinin keçirilən müşavirədən video yayımlayıb. Videoda o, Nesterenko ilə işi davam etdirməyəcəyini bildirir və bu vəziyyətin daha da davam edə bilməyəcəyini vurğulayır.

“Tikintinin gecikməsi səbəbilə əhali qarşısında üzr istəmək və anlayış gözləmək artıq utancvericidir” deyə region rəhbəri əlavə edib.

Qeyd edək ki, bir il əvvəl də Kondratyev rüşvət almaqda ittiham olunan digər vitse-qubernator Sergey Vlasovun istefasını qəbul etmişdi.

Qiymət Mahir

tag: Krasnodar ,Veniamin Kondratyev,Qubernator,Aleksandr Nesterenkon,todaypress.tv,