Karapetyanın həbsi: Paşinyan daha bir rəqibini sıradan çıxardı
Dünya
18.07.2025 10:55
Ermənistan və Rusiya əsilli tanınmış iş adamı Samvel Karapetyan Ermənistanda iki aylıq həbs edilib.
TodayPress TV "TASS"ın məqaləsinə istinadən xəbər verir ki, onun həbsi Ermənistan Apostol Kilsəsinin müdafiəsinə dair verdiyi açıqlamadan sonra baş verib.
Karapetyan bəyan etmişdi ki, kilsəyə qarşı aparılan kampaniyaya digər siyasətçilər reaksiya verməzsə, biz öz bildiyimiz kimi müdaxilə edəcəyik. Bu sözlər Baş nazir Nikol Paşinyanın sərt reaksiyasına səbəb olub. Paşinyan sosial şəbəkələrdə Karapetyanı təhdid edərək bildirib ki, dövlət bunu cavabsız qoymayacaq.
İstintaq orqanları Karapetyana qarşı konstitusiya quruluşunu devirməyə çağırış ittihamı irəli sürüb. Onun həbsi Ermənistanda geniş ictimai-siyasi rezonans doğurub.
Karapetyan milyarder iş adamıdır və illərdir Ermənistan iqtisadiyyatı və xeyriyyəçilik sahələrinə dəstək verib. Onun Ermənistan siyasətinə birbaşa qoşulmamasına baxmayaraq, ailə və dost çevrəsi vasitəsilə təsiri olub.
Bəzi siyasi şərhçilərə görə, Paşinyanın bu addımı Karapetyanın potensial siyasi ambisiyalarını önləmək məqsədi daşıyır.
Həbsdən sonra Karapetyan siyasi qüvvə yaradacağını və Baş naziri istefaya göndərəcəyini bəyan edib. Lakin ekspertlər bildirir ki, bunun üçün təkcə maliyyə resursları deyil, eyni zamanda konkret proqram, güclü komanda və xalq dəstəyi tələb olunur.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Karapetyanın siyasi taleyi isə məhz bu proseslərdə atacağı addımlardan asılı olacaq.
Töhfə Səməd
tag: Ermənistan ,Rusiya,Samvel Karapetyan,Apostol Kilsəsi,Nikol Paşinyan,Todaypress.tv,