İstanbul danışıqları cəbhə xəttindəki döyüşlərə necə təsir edib? - RUSİYALI EKSPERT AÇIQLADI
Dünya
16.05.2025 13:09
Ukrayna ilə Rusiya arasında 15-16 may tarixlərində İstanbulda keçirilən danışıqlara baxmayaraq, cəbhə xəttindəki döyüşlər daha da şiddətlənib.
TodayPress Tv xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk “Lenta.ru”ya açıqlama verib.
Ekspertin sözlərinə görə, İstanbul danışıqları döyüş əməliyyatlarının gedişinə heç bir təsir göstərməyib:
“Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhədyanı bölgələrdə, eləcə də Donetsk və Xarkov vilayəti istiqamətində hücumlarını davam etdirir. Danışıqlar fonunda qarşıdurma yalnız daha da sərtləşib. Hər iki tərəf öz mövqelərini mümkün qədər möhkəmləndirməyə çalışır” deyə Matviyçuk bildirib.
O əlavə edib ki, qarşıdurmanın gedişi əhəmiyyətli dərəcədə artacaq:
“Ukrayna qoşunlarımızın irəliləməsinin qarşısını almağa çalışır, Rusiya isə daha əlverişli mövqelər tutmaq istəyir. Əgər bu gün atəşkəs barədə razılıq əldə olunarsa, bunu yalnız Ali Baş Komandan elan edə bilər. Onun qərarı olmadan döyüşlər dayanmayacaq” deyə polkovnik vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətlərinin İstanbulda üçtərəfli danışıqlar üçün bir araya gəldiyi məlum olub. Bu danışıqlar Rusiya və Ukrayna nümayəndələri arasında mümkün birbaşa təmaslardan öncə baş tutub.
Töhfə Səməd
tag: Ukrayna ,Rusiya,Döyüş,Anatoli Matviyçuk,todaypress.tv,