İranda havaların isti keçməsi səbəbindən tətil elan olundu
Dünya
05.08.2025 11:26
İranın bəzi bölgələrində havaların çox isti keçməsi səbəbindən dövlət qurumları müvəqqəti bağlanıb.
TodayPress TV xəbər verir ki, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində, kəskin istilərə və yüksək enerji sərfiyyatına görə dövlət müəssisələri fəaliyyətini dayandırıb.
Ərdəbil valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib ki, Enerji İstehlakı İdarə Heyətinin qərarı ilə 5 avqust dövlət qurumları bağlanacaq. Bu tədbir həm temperaturun yüksəlməsi, həm də enerji sərfiyyatının azaldılması məqsədi daşıyır.
Qeyd olunub ki, təcili yardım xidmətləri və növbətçi bank filialları bu qərardan istisnadır.
Rəsmilər bildirirlər ki, xalqın dəstəyi ilə enerji çatışmazlığı problemi aradan qaldırıla bilər.
Qeyd edək ki, İranda son günlər havaların həddindən artıq isti keçməsi səbəbindən enerji istehlakı rekord səviyyəyə çatıb. Tehranın bəzi bölgələrində isə gündəlik iki saatlıq elektrik kəsintiləri tətbiq olunub.
Səlahiyyətlilər əhalini enerji resurslarından qənaətlə istifadə etməyə çağırır.
Türkan İsgəndərli
tag: İran,İsti,Elektrik,Enerji,Todaypress.tv,