İranda enerji böhranı dərinləşir

Dünya

24.05.2025 20:45

Tehranda keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Konfransında çıxış edən İran prezidenti Məsud Pezeşkian ölkənin enerji problemlərini həll etmək üçün yeni addımlar atılacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, Pezeşkian çıxışında İranın həm elektrik kəsintiləri, həm də artan enerji tələbatı ilə üzləşdiyini bildirib: 

“Fosil yanacaqlardan istifadənin miqdarını azaltmalı və təmiz enerjiyə keçid etməliyik”.

Onun sözlərinə görə, ölkədəki enerji çatışmazlığının əsas səbəblərindən biri də həddindən artıq istehlakdır: 

“Statistikaya əsasən, bir çox Avropa ölkəsindən altı dəfə çox elektrik sərf edirik. İnsanlar dəstək göstərsələr, bu vəziyyəti dəyişmək mümkündür”.

Pezeşkian ölkədəki elektrik tariflərinin də reallığı əks etdirmədiyini vurğulayıb:

“Əgər biz elektrik enerjisini pulsuz təqdim ediriksə, bu, dəyərsizləşir. Əgər inkişaf etmiş bir ölkə olmaq istəyiriksə, günəş enerjisinə keçməliyik.”

Digər tərəfdən, Tehranda su israfının qarşısını almaq üçün bəzi dövlət idarələrinin su təchizatının kəsildiyi bildirilib. Qurumların həddən artıq su istifadə etdiyi aşkarlandıqdan sonra bu addım atılıb.

Dünyanın ən böyük qaz və neft ehtiyatlarına malik ölkələrindən biri olan İran son aylarda ağır iqtisadi sanksiyalar, infrastruktur çatışmazlıqları və sürətlə artan enerji tələbatı səbəbindən ciddi enerji böhranı yaşayır. Bu səbəbdən enerji qənaəti tədbirləri ölkədə geniş vüsət alır.

Xüsusilə yay aylarında kondisionerlərin istifadəsi ilə enerji istehlakının pik həddə çatdığı dövrlərdə hakimiyyət orqanları vətəndaşlara təkrar-təkrar çağırış edərək ehtiyatlı olmağı tövsiyə edir.

Qiymət Mahir

tag: Tehran,Məsud Pezeşkian,Enerji,Su,todaypress.tv,