İran hökuməti "WhatsApp"ı silməyi tövsiyə etdi
Dünya
18.06.2025 13:04
İran dövlət televiziyası vətəndaşlara "WhatsApp" mesajlaşma tətbiqini smartfonlarından silməyi tövsiyə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Bu çağırış, tətbiqin İsrailə istifadəçi məlumatlarını ötürməsi ilə bağlı irəli sürülən, lakin hər hansı konkret dəlillə əsaslandırılmayan iddialara əsaslanır.
Bildirilir ki, tətbiqdən toplanan məlumatların İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əlaqəli strukturlara ötürülməsi ehtimalı var.
"WhatsApp" nümayəndələri isə bu iddiaları rədd edib və bildirib ki, bu kimi yalan məlumatlar xidmətin bloklanmasına bəhanə kimi istifadə oluna bilər.
Şirkətin açıqlamasında qeyd olunur ki, tətbiq ucdan-uca (end-to-end) şifrələmə istifadə edir və mesajlara yalnız göndərən və alıcı çıxış əldə edə bilir. İstifadəçilərin şəxsi mesajları, dəqiq yerləri və yazışma jurnalları saxlanılmır və heç bir hökumətə istifadəçi məlumatı təqdim etmir.
Türkan İsgəndərli
tag: İran,WhatsApp,Kəşfiyyat,İsrail,Todaypress.tv,