Hakan Fidan: “İslam dünyasının ortaq səsini dünyaya duyurduq”

Dünya

23.06.2025 06:00

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası ilə bağlı bildirib ki, görüş regionda kritik proseslərin yaşandığı bir dövrdə təşkil olunub və burada müsəlman ölkələr arasında səmərəli müzakirələr aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X"da yazıb.

Fidan diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sessiyada iştirak edərək çıxış edib və Şuranın dövr sədrliyini təntənəli şəkildə Türkiyəyə təhvil alıb.

Toplantıya qatılan xarici işlər nazirlərinə və bütün iştirakçılara təşəkkür edən Hakan Fidan, sessiyada qəbul edilən İstanbul Bəyannaməsi vasitəsilə İslam dünyasının qlobal məsələlərdəki vahid mövqeyinin dünyaya güclü şəkildə çatdırıldığını bildirib.

İƏT-də diqqət çəkən qərarlar:

İslam dünyasını və müsəlman azlıqları maraqlandıran məsələlərlə bağlı 156 qərar qəbul olunub.

İranda baş verən son hadisələrlə bağlı Təmas Qrupunun yaradılması qərara alınıb.

İslam dünyasının 2 milyarda yaxın insanı təmsil etdiyini vurğulayan nazir, “dillərimiz ayrı olsa da, dualarımız birdir” deyərək müsəlman ölkələri birliyə və həmrəyliyə çağırıb.

“İƏT-in daha təsirli və səmərəli olması üçün dövr sədrliyimiz müddətində səylərimizi davam etdirəcəyik. İslam aləmində sülh və əmin-amanlıq üçün çalışacağıq”, - deyə Hakan Fidan açıqlamasını tamamlayıb.

Töhfə Səməd

tag: Türkiyə,XİN,Hakan Fidan,İƏT,todaypress.tv,