Gündəm: Suriya - Türkiyə və ABŞ nümayəndələri görüşəcək
Türkiyə ilə ABŞ arasında Suriya üzrə İşçi Qrupunun növbəti toplantısı mayın 20-də Vaşinqtonda keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Toplantıya Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və ABŞ tərəfdən onun həmkarı Kristofer Landau həmsədr olacaq.
Görüş müxtəlif dövlət qurumlarının təmsil olunduğu formatda baş tutacaq.
Görüşdə Ankara və Vaşinqtonun Suriya siyasətindəki prioritetlərinin müzakirəsi, eləcə də Suriyada təhlükəsizlik və sabitliyin bərpası istiqamətində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi əsas gündəm mövzularından olacaq.
Bundan başqa, İŞİD və digər terror təşkilatları ilə mübarizə məsələlərinin ön sırada yer alması gözlənilir.
Bu çərçivədə, Türkiyənin son dövrlərdə Suriya hökumətinə İŞİD ilə mübarizə sahəsində verdiyi dəstək və bölgədə irəli sürdüyü təşəbbüslər xüsusi olaraq müzakirə olunacaq.
Həmçinin Suriyanın şimal-şərqindəki düşərgələrlə bağlı əməkdaşlıq imkanlarının araşdırılması və ABŞ tərəfinin Suriyadakı hərbi mövcudluğunu konsolidasiya etməsi istiqamətində apardığı proses barədə məlumat verməsi planlaşdırılır.
Qeyd edək ki, bu görüş ABŞ və Suriya arasında yüksək səviyyəli birbaşa təmasların başlanması və ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunan sanksiyaların ləğv olunacağını açıqlamasından dərhal sonra baş tutacaq.
Bu baxımdan, toplantının gündəmində Suriya sanksiyalarının aradan qaldırılması ilə bağlı yol xəritəsi və vaxt cədvəlinin də müzakirə olunacağı gözlənilir.
Töhfə Səməd
tag: Türkiyə ,ABŞ,Suriya,İşçi Qrupu,Vaşinqton ,todaypress.tv,