Fitso: “Hazırkı silahlanma yarışında neytrallıq faydalı olardı”

Dünya

17.06.2025 16:37

Slovakiyanın Baş naziri Robert Fitso ölkəsinin neytral statusda olmasının hazırkı silahlanma dövründə daha məqsədəuyğun ola biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu fikirləri o, jurnalistlərə açıqlamasında səsləndirib.

“Bu çılğın dövrdə sual verirəm: görəsən, neytrallıq Slovakiya üçün faydalı olmazdımı? Bu sualı rəsmi şəkildə və tam aydınlıqla verirəm. Axı bizi hara sürükləyirlər? Hamı müharibədən danışır. Nə müharibəsi? Kimlə döyüşəcəyik? Mənim fikrimcə, bu mənasız silahlanma yarışında, hərbi sənaye şirkətlərinin sevindiyi bir vaxtda, neytrallıq Slovakiya üçün çox faydalı ola bilər. Təəssüf ki, bu qərar məndən asılı deyil”, - deyə Fitso bildirib.

Qeyd edək ki, Slovakiya 2004-cü ildən NATO üzvüdür. Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini isə yaxın günlərdə Haaqada keçiriləcək NATO sammiti ərəfəsində parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə ölkənin müdafiə xərclərinin artırılması məsələsini müzakirə edir.

Töhfə Səməd

tag: Slovakiya,Baş nazir,Robert Fitso ,NATO ,todaypress.tv,