Fidan: "Ərdoğan və Putin arasında etimad var"
"Türkiyə ilə Rusiya arasındakı münasibətlərin təməlində prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında formalaşmış qarşılıqlı etimad dayanır".
TodayPress TV xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
“Rusiya ilə Türkiyə arasında münasibətlərin əsas dayağı liderlərimizin qarşılıqlı etimadıdır. Prezidentlər səviyyəsindəki diplomatiya sayəsində biz ikitərəfli əlaqələrdə qərarları daha tez və qətiyyətlə qəbul edə bilirik. Həm cənab Putin, həm də cənab Ərdoğan qlobal sınaqlardan keçmiş liderlərdir. Onlar bir-birilərini uzun illərdir tanıyırlar, hansı məsələlərdə fərqli düşündüklərini, hansılarda isə razı olduqlarını yaxşı bilirlər və bu fərqləri yetkin şəkildə idarə edirlər”, – deyə Fidan bildirib.
Nazir əlavə edib ki, liderlər arasındakı bu etimad atmosferi ölkələrarası əməkdaşlığın güclü və davamlı olmasında həlledici rol oynayır.
“Biz nazirlər səviyyəsində və digər sahələrdə də intensiv çalışırıq ki, prezidentlərin iradəsi konkret nəticələr və praktik addımlarla gerçəkləşsin”, – deyə Fidan vurğulayıb.
Qiymət Mahir
tag: Rusiya ,Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Vladimir Putin,todaypress.tv,