Emoməli Rəhmonla Putin arasında telefon danışığı baş tutdu
Dünya
18.08.2025 17:50
Tacikistan Prezidenti Emoməli Rəhmon Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiya və ABŞ liderlərinin avqustun 15-də Alyaskada keçirilən görüşünü yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Rəhmon bu görüşün dünya miqyasında gərginliyin azaldılması və qarşılıqlı anlaşmanın möhkəmlənməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıdığını bildirib.
Tacikistan lideri həmçinin Ukrayna böhranının sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin telefon danışığında ABŞ Prezidenti Donald Trampla Ankoricdə keçirdiyi danışıqların nəticələri barədə Rəhmonu məlumatlandırıb.
Tərəflər, həmçinin Rusiya-Tacikistan münasibətlərinin inkişafı, Putinin Düşənbəyə dövlət səfərinə hazırlıq və yaxın zamanda Tacikistan paytaxtında keçiriləcək Mərkəzi Asiya-Rusiya sammiti ilə MDB Dövlət Başçıları Şurasının iclası üzrə məsələləri müzakirə ediblər.
Aysel Mətləb
tag: Tacikistan,Rusiya,Alyaska,Görüş,Todaypress.tv,