Dünya “görünməz” asteroidlərin toqquşma riski altındadır

Dünya

01.10.2025 18:45

Alimlər xəbərdarlıq edirlər ki, Veneranın orbitini paylaşan və mövcud teleskoplarla aşkar edilməsi son dərəcə çətin olan yüzlərlə asteroid uzunmüddətli perspektivdə Yer üçün ciddi təhlükə yarada bilər.

TodayPress TV xəbər verir ki, bu barədə araşdırma “Astronomy & Astrophysics” jurnalında dərc edilib.

Astronomlar bildiriblər ki, apardıqları araşdırma mövcud müşahidə alətləri ilə görünməyən, lakin potensial olaraq təhlükəli olan bir asteroid populyasiyasını üzə çıxarıb. Bu göy cisimləri Venera ilə Günəş ətrafında rezonans halında hərəkət edirlər. Lakin yerləşdikləri mövqe səbəbilə onları müşahidə etmək üçün Günəş istiqamətinə baxmaq tələb olunur və əks etdirdikləri işıq Günəşin parlaqlığında itib gedir. Bu səbəbdən “görünməz” qalırlar.

İndiyədək Venera ilə eyni orbitdə hərəkət edən 20 asteroid aşkar edilib. Bunlar Veneranın ətrafında deyil, Günəşin ətrafında onunla sinxron şəkildə dövr edirlər. Bəzən öndə, bəzən arxada hərəkət edir, bəzən isə Veneranın orbitini mürəkkəb trayektoriyalarla kəsirlər.

Bu cisimlərin orbitləri olduqca xaotikdir. Təxminən hər 12 min ildən bir orbitlərinin forması dəyişir və bu asteroidlərin hərəkət trayektoriyası yalnız 150 il əvvələ qədər etibarlı şəkildə proqnozlaşdırıla bilir. Bu keçidlər zamanı bir asteroid Veneranın orbitindən çıxaraq Yerə yaxınlaşa, hətta Yer orbitini kəsə bilər.

Mütəxəssislərə görə, bu “kor nöqtə”ni aradan qaldırmaq üçün ən effektiv üsul Venera orbitinə yerləşdiriləcək və ya onun orbitini paylaşacaq bir kosmik rəsədxananın istifadəsidir. Bundan əlavə, NASA-nın yaxın zamanda işə düşəcək “NEO Surveyor” missiyası da Günəş sisteminin daxili hissəsindəki bu riskli bölgəni skan etmək üçün hazırlanıb.

Aysel Mətləb

TodayPress TV

tag: Dünya,Görünməz,Asteroid,Risk,todaypress.tv,