Daha 5 PKK terrorçusu təslim oldu

Dünya

07.08.2025 14:45

Türkiyə Milli Müdafiə Nazirliyi terrorla mübarizə əməliyyatları ilə bağlı yeni məlumat yayıb. Nazirliyin açıqlamasına görə, son bir həftə ərzində İraqın şimalında yerləşən sığınacaqlardan qaçan daha 5 PKK terrorçusu könüllü şəkildə təslim olub.

TodayPress TV xəbər verir ki, nazirlik tərəfindən verilən rəsmi məlumatda həmçinin bildirilib ki, sərhəd təhlükəsizliyi tədbirləri çərçivəsində son 1 həftədə ümumilikdə 239 nəfər saxlanılıb, onlardan 7-si terror təşkilatının üzvü olub.

Qeyd edilib ki, cari ilin yanvarın 1-dən bu günə qədər qeyri-qanuni yollarla Türkiyə sərhədini keçməyə çalışan 4 496 nəfər saxlanılıb, bu il ərzində isə sərhəddə qarşısı alınan şəxslərin ümumi sayı 45 159 nəfərə çatıb.

Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Suriyanın müxtəlif bölgələrində həyata keçirilən “tünel məhv etmə” əməliyyatları da uğurla davam etdirilir. Son bir həftə ərzində Mənbic bölgəsində 11 kilometr uzunluğunda tünel aşkarlanaraq məhv edilib. Beləliklə, Tel-Rıfat və Mənbic daxil olmaqla məhv edilən tünellərin ümumi uzunluğu 528 kilometrə çatıb.

Töhfə Səməd

tag: Türkiyə,PKK,Terrorçu,Təslim,Todaypress.tv,