Çin Avropa bizneslərindən dəstək almağa başladı

Dünya

20.05.2025 13:27

ABŞ prezidenti Donald Trampın rəhbərliyi dövründə yenidən alovlanan Çin-ABŞ ticarət müharibəsi Pekini Avropa biznesi ilə əməkdaşlığa can atmağa vadar edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Çin rəsmiləri Avropa İttifaqının (Aİ) biznes nümayəndə heyətlərinə daha isti münasibət göstərməyə başlayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Çin son həftələrdə Avropadan gələn nümayəndə heyətlərini əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə qəbul edir. Artıq bir sıra iş adamları Çinin yüksək rütbəli siyasətçiləri ilə görüşlərə çıxış imkanı əldə edib. Rəsmilər isə onlara yeni güzəştlər və əməkdaşlıq vədləri ilə çıxış edirlər.

Əvvəllər isə Avropa biznes nümayəndələri Çində qərarverici şəxslərlə görüş üçün müraciət etsələr də, bu cəhdlər çox vaxt nəticəsiz qalırdı.

Əməkdaşlıq mesajlarının kulminasiyası isə Çin Xalq Respublikasının sədri Si Cinpinin Danimarka Ticarət Palatasına ünvanladığı məktub olub. Çin lideri məktubda Palataya daxil olan bütün şirkətləri Çin ilə Avropa arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verməyə çağırıb və Çini xarici investisiyalar üçün ideal məkan kimi təqdim edib.

Bununla belə, "Bloomberg" qeyd edir ki, Avropa ekspertləri və ticarət rəsmiləri Pekinin bu təşəbbüslərinə hələ də ehtiyatla yanaşırlar. Vaşinqtonun Çinlə gərgin münasibətləri Avropa ilə Pekin arasında yeni fürsətlər yaradıb, lakin Çinin dövlət tərəfindən dəstəklənən iqtisadi modeli və subsidiyalar kimi əsaslı fikir ayrılıqları hələ də qalır.

Avropa ölkələri həmçinin ABŞ ilə münasibətlərdəki böhrana görə Çin mallarının Avropa bazarına axınının sürətlənməsindən narahatdır. Aprel ayında Çinin Avropa İttifaqı ilə ticarət balansı rekorda çatıb, bu isə Aİ-nin rəqabət qabiliyyətinin azalacağına dair narahatlıqları haqlı çıxarır.

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Çin,Avropa ,todaypress.tv,