BMT Suriyadakı kilsəyə edilən terror hücumunu pislədi

Dünya

23.06.2025 15:16

BMT-nin Suriyada humanitar məsələlər üzrə koordinatoru Adam Abdelmula Dəməşqdə yerləşən Müqəddəs İlyas kilsəsində törədilən və azı 20 nəfərin ölümü, 50-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumunu qəti şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi məlumat yayıb.

"İbadətə toplaşmış mülki şəxslərə qarşı törədilən bu faciəli insidenti qətiyyətlə pisləyirəm", - deyə Abdelmula bildirib.

O, mülki əhalinin qorunması, günahkarların məsuliyyətə cəlb edilməsi və bu cür hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsinə çağırıb.

BMT rəsmisi vurğulayıb ki, Suriya bərpa və barışıq yoluna qədəm qoyduğu bir vaxtda zorakılıq və ekstremizmə yer olmamalıdır. O, həmçinin bütün suriyalılar üçün daha yaxşı gələcək qurmaq naminə birliyə, dözümlülüyə və həmrəyliyə ehtiyac olduğunu bildirib.

Xatırladaq ki, iyunun 22-də terror hücumu baş verib. Suriya DİN-in məlumatına görə, intiharçı terrorçu kilsəyə daxil olaraq avtomat silahdan atəş açıb və daha sonra özünü partladıb. Hadisə yerində istintaq aparılır, polis ərazini mühasirəyə alıb. Ölənlərin sayının artacağı istisna olunmur.

Töhfə Səməd

tag: BMT,Suriya,Kilsə,Terror,Todaypress.tv,