BMT: 1,1 milyon suriyalı vətənə qayıdıb
Dünya
13.10.2025 18:30
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 2024-cü ilin dekabrında Suriyada hökumət dəyişikliyindən sonra təxminən 1,1 milyon suriyalı başqa ölkələrdən evlərinə qayıdıb.
TodayPress TV xəbər verir ki, bundan əlavə, 1,8 milyondan çox məcburi köçkün ölkə daxilində öz əvvəlki yaşayış yerlərinə dönüb.
UNHCR hesabatında bildirir ki, 2024-cü il dekabrın 8-dən bu günə qədər 1 099 768 nəfər başqa ölkələrdən Suriyaya qayıdıb. Eyni zamanda 1 milyon 880 min 432 məcburi köçkün doğma yerlərinə və ya əvvəlki yaşayış məntəqələrinə dönüb.
Son bir həftə ərzində 17 044 nəfərin qayıdışı qeydə alınıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında silahlı müxalifət qüvvələri Suriya ordusuna qarşı hücuma keçib, dekabrın 8-də Dəməşqə daxil olub. Nəticədə prezident Bəşər Əsəd istefa verərək ölkəni tərk edib.
Daha sonra “Həyat Təhrir əş-Şam” qrupunun lideri Əhməd əl-Şaraa Suriyanın faktiki rəhbəri elan olunub. O, 2025-ci il yanvarın 29-da özünü keçid dövrü üçün prezident səlahiyyətlərini icra edən şəxs kimi təqdim edib və bu dövrün 4–5 il davam edəcəyini bildirib.
Türkan İsgəndərli
tag: BMT,Suriya,Hökümət,Qaçqın,Todaypress.tv,
