Aİ nazirləri İsraillə Assosiasiya Sazişini müzakirə edəcəklər
Dünya
23.06.2025 09:52
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Brüsseldə toplaşaraq Yaxın Şərqdəki gərgin vəziyyət və digər aktual məsələləri müzakirə edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas görüşdə Aİ ilə İsrail arasında mövcud Assosiasiya Sazişinin qiymətləndirilməsi ilə bağlı nəticələri təqdim edəcək.
Qeyd edək ki, Kallas bu qiymətləndirməni ötən ay bir çox üzv ölkələrin istəyi ilə başladıb. Qiymətləndirmənin məqsədi İsrailin sazişdəki insan haqlarına dair öhdəlikləri pozub-pozmadığını müəyyənləşdirməkdir.
Hazırkı iclasda sazişlə bağlı hər hansı qərar gözlənilmir. Bununla belə, ticarət bəndinin dondurulması Aİ-nin İsrailə qarşı tətbiq edə biləcəyi ən sərt təzyiq vasitələrindən biri hesab olunur.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Brüssel,Yaxın Şərq,Kaya Kallas,İsrail ,todaypress.tv,