Beynin quruluşu düşündüyümüz kimi deyilmiş - YENİ KƏŞF

Beynin quruluşu düşündüyümüz kimi deyilmiş - YENİ KƏŞF
20.09.2026 05:27 Dünya

İnsan beyninin quruluşu ilə bağlı yeni araşdırma elm dünyasında maraq doğurub. 

TodayPress TV xəbər verir ki, Stanford Medicine alimlərinin rəhbərliyi ilə aparılan tədqiqat insan beyninin tək və fasiləsiz bir sistem kimi deyil, təkamül prosesində yanaşı formalaşmış iki qədim və müstəqil sinir sistemindən inkişaf etdiyini göstərir.

Tədqiqatçılar bildirirlər ki, yetkin insan beyni klassik olaraq ön beyin, orta beyin və arxa beyin olmaqla üç əsas hissəyə bölünür. Ön beyin idrak funksiyaları, nitq və abstrakt düşüncə ilə əlaqəlidir. Arxa beyin isə həyati vacib vegetativ proseslərin idarə olunmasında rol oynayır və əsasən beyin kötüyü ilə əlaqələndirilir.

Alimlər siçan embrionlarının inkişafının ən erkən mərhələlərini araşdırarkən iki bir-birindən tamamilə ayrı hüceyrə qrupu müəyyən ediblər.

Məlum olub ki, Otx2+ hüceyrə xətti ön və orta beynin, Gbx2+ xətti isə arxa beynin formalaşmasına xidmət edir. Bu hüceyrə qruplarının inkişaf prosesində bir-biri ilə qarışmadığı və bir xəttdən digərinə keçmədiyi müəyyənləşdirilib.

Tədqiqatçılar həmçinin bu xüsusiyyətin yalnız insan və ya siçanlarda olmadığını aşkar ediblər. Eyni mexanizmin toyuqlarda, zebra balıqlarında və insanlarla ümumi təkamül xəttindən 550 milyon ildən çox əvvəl ayrılmış dəniz orqanizmlərində də mövcud olduğu müəyyənləşdirilib.

Alimlərin fikrincə, bu nəticələr beynin təkamül mənşəyinin daha yaxşı öyrənilməsinə və gələcəkdə müxtəlif beyin hüceyrələrinin laboratoriya şəraitində yetişdirilərək funksiyalarının araşdırılmasına imkan yarada bilər.

Qeyd edək ki, əvvəlki araşdırmalar yuxu pozuntularının da beyində dəyişikliklərə səbəb ola biləcəyini göstərib. Xüsusilə yuxusuzluğun diqqət, qərarvermə və emosiyalara nəzarətlə bağlı beyin bölgələrinə təsir göstərə bildiyi müəyyən edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər